4–6 noyabr 2025-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilən BMT-nin İkinci Sosial İnkişaf Sammitində (Second World Summit for Social Development) Azərbaycan Sosial İş İctimai Birliyi (AZSİİB) Azərbaycanı təmsil edib.
Sammit dünyanın müxtəlif ölkələrindən dövlət, akademik və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək sosial rifahın gücləndirilməsi, sosial ədalətin təmin olunması, yoxsulluğun azaldılması və inklüziv inkişaf məsələlərinin müzakirəsinə həsr olunub. Tədbir çərçivəsində sosial siyasətin gələcək istiqamətləri və sosial xidmətlərin dayanıqlılığının artırılması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sammitdə AZSİİB-in təsisçiləri Aytəkin Hüseynli və Amalya Sezgin, sədr müavini Tural Mirzəyev və icraçı direktor Ləman Əliyeva iştirak ediblər. Onlar Azərbaycanın sosial iş sahəsində əldə etdiyi nailiyyətləri, sosial rifahın gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüsləri beynəlxalq ictimaiyyətə təqdim ediblər.
Sammitə iştirak üçün AZSİİB xüsusi akkreditasiyadan keçərək, əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin nümayəndələrinin də bu nüfuzlu tədbirdə iştirakına zəmin yaradıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva və Ümumi şöbənin rəhbəri Aygül Mirzəyeva, həmçinin Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin direktoru Aygün Muradlı ölkəmizi təmsil ediblər.
Sammit çərçivəsində AZSİİB nümayəndələri müxtəlif ölkələrdən gələn vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə qarşılıqlı əlaqələr quraraq gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu əlaqələr sosial iş sahəsində beynəlxalq təcrübə mübadiləsinə və yeni tərəfdaşlıqların formalaşmasına töhfə verəcək.
Azərbaycan Sosial İş İctimai Birliyi (AZSİİB) beynəlxalq sosial inkişaf təşəbbüslərində ölkəmizin fəal iştirakını davam etdirməyi, sosial iş sahəsində qabaqcıl təcrübələrin paylaşılmasını və sosial rifahın gücləndirilməsi istiqamətində yeni tərəfdaşlıqların qurulmasını qarşıya məqsəd qoyur.


